Sabir Rüsətmxanlı
Qayıdıram Araz boyu
Görəsən,
dünyada ikinci bir çay tapılar ki, Araz qədər mürəkkəb
və faciəli taleyi olsun: Araz qədər dildən-dilə
düşsün, Araz qədər şer və mahnı mövzusuna
çevrilsin, Araz qədər ittiham edilsin, umu-küsü
hədəfinə dönsün, nifrətlə damğalansın
və... Araz qədər sevilsin?!
Sərhədə
dönən, arada qalan, hər iki tərəf üçün toxunulmaz olan
çaylar bir deyil, iki deyil. Lakin yad xalqlar arasında təbii
səddə dönməklə bir xalqın köksünü parçalayıb
keçməyi eyniləşdirmək olmaz! Azərbaycanın şah
damarlarından biri, min illərlə bütöv bir xalqı sevinc
və bərəkət mənbəyi olmuş çay indi
sərhədi, ayrılıqdı, göz yaşıdı...
Bir
vaxtlar sevilən, əzizlənən Araz yavaş-yavaş ayrılığa
bais olan, araya hicran salan bir günahkar adı qazanıb. Ruhumuzda, şerlərimizdə
Araz dərdi deyilən bir dərd yaranıb, kök atıb yayılıb,
daş olub milyonlarla azərbaycanlının ürəyindən asılıb.
Araz
Bakı kimi, Təbriz kimi, Ərdəbil kimi uşaqlığıma,
ilk xatirələrimə, ilk arzularıma yoldaş olan bir
sözdür; görüşü dəli həsrətlə gözlənilən, bu
görüşlə nə isə bir möcüzə vəd eləyən
yerdir.
Arana
yolumuz düşəndə tez-tez eşidirik: Araz suyudur, yüngüldür,
bulanıq olmasına baxmayın, min-min dərdin dərmanıdır.
Arazın arxlarla, qanovlarla, axıb gələn suyunu içə-içə üzünü görməmişdim.
İlk
görüşümüz də, ilk görüşümüzün həyəcanları da uzaq
illər arxasında qalıb, az qala unudulub. Çünki bu görüşdən
sonra əvvəlki bütün duyğular uçub gedib. Elə bilmişəm
ki, mən elə Araz boyunda doğulmuşam. Ömrüm boyu damarlarımdan
axan da elə Araz imiş.
HAŞİYƏ: Arazla görüşlərimdən
birini heç vaxt unuda bilmirəm. Qayığı Kür yuxarı
sürürdü. Suqovuşana doğru. Bir azdan Arazla Kürün qovuşduğu
yerə çatacaqdıq. Dostlarım sükanı mənə vermişdilər.
Hələ maşın sürə bilmirdim, lakin Kür boyda geniş
bir yolda heç bir qorxu yox idi: sürəti son həddə çatdırıb
qayığı çay yuxarı uçurdum. Suqovuşana az qalmış
yol yoldaşlarım dedilər ki, qayığı Kürlə
sürəcəyik. Araza dönmək lazım deyil, özləri isə aşağı
kayuta enib qarpız doğrayır, zarafatlaşırdılar.
Budur Suqovuşan! Hansı bir hiss isə elə bil
əlimdən tutub, məni solaAraza döndərdi. İndi qayıq
Arazın, bu qədər həsrətini çəkdiyimiz Arazın
sularında sürülürdü. Hər şeyi unutmuşdum. Elə bilirdim
beləcə sərhəd xəttinə, tikanlı
məftillərə acıq verə-verə nə qədər
istəsəm üzüb gedəcəyəm. Birdən yoldaşlarımın
qışqırtısı qopdu: Dayan, dayan, sən nə
edirsən? Sürəti azaltdıq. Asta-asta geri döndük. Qorxularından
özlərinə gələ bilmirdilər. Sonra izah etdilər ki,
Arazda dayaz, daşlı yerlər çoxdur və qayıq o sürətlə
nəyəcə toxunsa biz çoxdan balıqların yanında
idik.
...Bizim
dağlarda yaşayan, heç bəlkə bircə dəfə
də Arazı görməyən qocaların zirvə qaşında,
gədiklərdə, aşırımlar üstündə çağırdıqları
bayatıları xatırlayıram:
Araz,
Araz, Xan Araz!
Daşlardan
axan Araz!
Qardaşdan
ayrı saldın,
Evimi
yıxan Araz!
Onda
mənə qəribə gəlirdi: Yardımlı daşları
hara, Araz hara?! Amma sonra gördüm ki, Araz Azərbaycanın hər daşından,
hər şəhərindən, hər kəndindən və
hər bir azərbaycanlının ürəyindən axır!
Şair
dostlarım Çingiz Əlioğlu və Nüsrət Kəsəmənli
ilə birgə oxuduğumuz mahnının avazı qulağımdadır:
Arazı ayırdılar,
Qan ilə doyurdular.
Mən sizdən ayrılmazdım,
Zor ilə ayırdılar.
Əzizim, arxa bağla,
Arazı arxa bağla.
Namərddən qardaş
olmaz
Mərdlərə
arxa bağla!..
Axdı qan,
Yar üzündən axdı
qan.
Araz çəpərə
döndü,
Su yerinə axdı
qan!
Dünya
tarixlərində Arazın əks-sədası onun yeri ilə
müqayisədə çox-çox böyükdür. Bu çayın üstündən kimlər
adlamayıb?! Səyyahlar, düşmən orduları, bütöv xalqlar
və millətlər. Dünyanın ana yollarından birixalqların
əbədi köçəköç və hərəkət yolu, dünya
mədəniyyətinin Şərqdən Qərbə, Doğudan
Batıya, Batıdan Doğuya keçid yolu. Günçıxanla günbatanın
ən uzun savaş və barış yolları, İpək
yolu, ticarət və mühacirət yolları Arazın
üstündən keçib. Tarixin və xalqın yaddaşı Araz haqqında
əfsanələrlə doludur.
Arazı
dost da keçib, düşmən də!.. Bu yüz ildə isə onun
üstündən adlayan yolların taleyi daha qəribədir. Əsrin
əvvəllərindən bəri bu yollar Şərqəİrana,
Əfqanıstana, Türkiyəyə inqilab havası, yeni dünyanın
demokratiya və quruculuq havasını daşıyıb.
Təsadüfi deyil ki, birinci rus inqilabına dünyada ilkin səs
verənlərdən biri Cənubi Azərbaycan xalqı idi.
Səttar xan hərəkatı İran monarxiyasını lərzəyə
salmışdı.
Lakin
Araz yollarının ən qəribə, ən faciəli
səyyahları bu yüz ildə neçə dəfə İran
irticasından qaçan, ev-eşiyindən didərgin düşüb
vətənin bir ucundan o biri ucuna, güneyindən quzeyinə
adlayan... və pasportunun rəngi dəyişilən kimi
mühacir adlanan cənublu bacı-qardaşlarımızdır ki,
imperiyanın hökmü ilə parçalanmış, birliyini unutdurmaq
üçün adı, əlifbası, tarixi, hətta illəri hesablama
üsulu da dəyişdirilmiş bir xalqın minlərlə
ailəsi yarı Şimala, yarı Cənuba düşdüyü üçün
illər uzunu bir yerə yığışa bilməmiş,
bitib-tükənməyən hicran, ayrılıq yollarında ağlasığmaz
əzab və işgəncələr çəkmişdir.
Azərbaycanın neçə-neçə böyük sənətkarı
elə bu köç yollarında doğulmuş, ataya yetəndə
ananı itirmiş, anaya çatanda atasız qalmışlar. Şamaxını
ana, Təbrizi ata hesab edən Xaqanı XII yüzildə ana qucağından
didərgin düşəndə ata qucağına sığınmışdı
və indiyədək ata Təbrizin qoynunda yatır! Böyük
Mirzə Fətəli Axundovun xoşbəxt uşaqlığı
da bu yollarda əlindən çıxmışdı!..
Araz
boyu yollarla çox keçmişəm, lakin bu yollar heç vaxt adiləşmir.
Onu hər gün görsən belə, yenə Arazın tamaşasından,
o taylı daşların sərt, vahiməli görkəmindən
doyub, sakit otura bilmirsən.
* * *
...Araz
boyu vadilərin əkin-biçin sahələri görünür. Balaca, yastıdamlı
kəndlər və bu kəndlərdən uzanan yollar, cığırlar
o taylı daşların zümrüd bahar çəmənlərinə
bürünmüş köksündən keçir; gədiklərdən,
keçidlərdən aşıb gedir, bizim üçün doğma və sirli
bir dünyayaQardaş, Təbriz dünyasına qovuşur.
Uçuq,
xaraba kəndlər, boş qalmış yuvalar Araz boyu
zəncirlənib, uc-uca calanıb. Daşların
ətəyində qədim şəhərlərin qala divarları
eləcə min il əvvəlki kimi əyilməz durur.
Sanki
sərhədin o tayına yox, neçə əsrin o üzünə,
qədim dünyamıza baxıram...
Bu
sıldırım qayalar, divar kimi üz-üzə dayanmış daşlar
elə bil aradakı uçurumun necə dərin olduğunu
göstərir.
Arazla
yanaşı tikanlı məftillər də axır. Gözümü
sudan çəkəndə bir
müddət elə bilirəm daşlar da əriyib gedir, nazik tor
pərdə kimi yellənib aradan qalxır və gözüm önündə
qəhrəman bir xalqın, bir əsrdə neçə
dəfə inqilab meydanına atılmış bir xalqın
mərd siması canlanır.
Hər
iyirmi-otuz ildən bir İranı, Cənubi Azərbaycanı
bürüyən milli azadlıq hərəkatının tarixini
bilənlər yəqin ki, bir şeyə
təəccüblənirlər. Xalqın azadlıq uğrunda
mübarizələri demək olar ki, həmişə eyni cür
bitir: böyük itkilərlə qazanılan qələbələr
satqınların, beynəlxalq irticanın, uzaqdan uzanan barmaqların
qurbanı olur.
O
taya baxıram və bu əsrdə İran hakimiyyət orqanlarının
Cənubi Azərbaycan xalqının başına açdığı
oyunların acı, təhqiramiz və dəhşətli
səhnələri gözüm önündə canlanır.
Bu
zorakılıq əvvəlcə ərazidən başlanmışdı.
İrana qatıldıqdan sonra ölkənin dörd
əyalətindən birini təşkil edən Azərbaycan
(indi Azərbaycanın özü dörd əyalətə bölünübS.R.)
əyaləti ərazisinə ilk dövrlərdə cənubda
Həmədan, cənub-şərqdə Zəncan və
Qəzvin mahalları da daxıl idi ( Bax: Cənubi Azərbaycan
tarixinin oçerki. Elm nəşriyyatı, Bakı, 1985,
səh, 8). Lakin sonralar İran siyasətbazları mahal və
vilayətlərin sayını, sərhədlərini tez-tez
və öz istədikləri kimi dəyişdirmişlər.
Hər dəfə də əsas məqsəd tarixi
Azərbaycan torpaqlarını kəsib doğramaq, halal
yerlərimizi, qədim şəhərlərimizi
əlimizdən almaq olmuşdur.
HAŞİYƏ: Bu yazımın
bir hissəsi Azərbaycan jurnalında çıxandan sonra çox
hörmət etdiyim tarixçi alimimizlə rastlaşdıq.
Qəribə, incik bir əda ilə(sanki mən ona ağır
bir söz demişdim) Sən nə edirsən?dedi,bircə bu qalmışdı,
Həmədanı da Azərbaycan şəhəri sayırsan!
Doğrusu, bu sözü tarixçi dilindən eşitmək
gözlənilməz idi. Gülə-gülə: mən kiməm ki, yer
paylayam,dedim,o, sizin kimi böyüklərin işidir. Həmədanı
tarix Azərbaycana verib, mən vermirəm deyib aralandım. Bu
gözlənilməz hikkənin, hücumuna təsir ilə
fikirləşirdim ki, biz hələ də, sadəlövhlüklə
belə alimlərdən umuruq ki, Azərbaycan tarixini yazsınlar.
Onların yazdığı tarix nə olacaq?
...1937-ci
ildə hissəsi Şərqi Azərbaycan və Qərbi
Azərbaycan ustanlarına verildi ( İranın üçüncü və
dördüncü ustanları). Əhalisi bütövlüklə azərbaycanlı
olan Zəncan və
Həmədan mahalları isə ayrıca qubərnatorluğa,
sonralar da ustanlara çevrildi. Riza şahın iki yerə ayırdığı
Cənubi Azərbaycan, oğlu Məmmədrza şah dörd
yerə parçaladı. Azərbaycanlılar yaşayan bəzi başqa
mahallar da əhalisi qarışıq olan ustanlara qarışdırılıb
əridildi. Həyasızlıq o yerə çatdı ki, 1954-cü
ildə Astara da öz ətrafı ilə birlikdə Şərqi Azərbaycandan alınıb
Gilana qatıldı.
HAŞİYƏ: Bir
dəfə Təbrizin futbol komandası Tehran komandası
ilə oynayıb və 3:1 hesabı ilə qalib gəlir.
Azərbaycanlı ağsaqqallardan biri komandanın başçısına
hirslənir ki, niyə udursunuz bunları, qorxmursunuz şah
hirslənib Azərbaycanı bir də təzədən
bölüb-parçalayar?!
Bəli,
İran hakimlərinin böyük bir xalqa münasibəti belədir; axşam
tikəsi boğazından düz getmədisə, səhər
tezdən göstəriş verir ki, filan yer Azərbaycandan alınıb
başqa ustana qatışdırılsın.
Neçə
min ildir ki, beləcə, babalarımızın qanı ilə
suvarılmış halal torpaqlarımızı hərraca
qoyurlar. Qan töküb, qurban verib birləşdiririk; min hiyləyə
yenə öz qanımızı töküb ayırırlar.
Ey
mənim ulu xalqım! Sən zaman-zaman bu torpağın
üstündə Şərqin ən böyük dövlətlərini qurmuşsan!
İndi həmin torpaqlar neçə-neçə ustana,
əyalətə, qubernatorluğa bölünür. Sənin baba yurduna
kimlər göz dikmədi?! Bütün Şərq tarixi
vərəqlənsə bizim qədər əzilmiş, bizim
qədər təhqir olunmuş, bizim qədər parça-tikə
bölünmüş və bizim qədər də bu qara taleyi ilə barışmağa
vadar edilib susdurulmuş ikinci bir xalq tapmaq çətindir!
Hələ Cənubi Azərbaycan bir yana! Biz məgər
qədim paytaxt şəhərlərimizdən Dərbəndin
tarixini kifayət qədər araşdıra bilmişikmi?
Məgər Borçalı çökəyindəki, Qarayazıdakı,
Göyçə mahalındakı, Ağrıdaq
ətəklərindəki ellərimizin tarixi, etnoqrafiyası,
folkloru, onomastikası kifayət qədər öyrənilibmi?
Teknink əsridir... Min illəri aşıb gələn yaddaş
abidələri maşınların, informasiya
vasitələrinin köməyi ilə çox tezcə silinib yox edilir.
Sükan kimin əlindədirsə tarixi də, həqiqəti
də, danılmaz görünən dəlil və sübutları da öz
xeyrinə çevrə bilir. XX əsr ucaltmağın da,
endirməyin də təkmil yollarını kəşf edib.
Raket sürəti ilə qaldırdığı kimi həmin sürətlə
də məhv edir. Cinayətlərin izi təmizlənir, yalan
həqiqət cildində arxayın boy atır və doğruya
da gündə yüz dəfə çox gəlir. Bu əsrdə ayrı düşmək,
bölünüb təklənmək, adından, əlifbasından, keçmişindən
ayrı düşmək, adi hüquqları olmaya-olmaya gah
pantürkizmdə, gah panislamizmdə
təqsirləndirilərək, sanki başa qoyulmaq və s.
saysız-hesabsız işgəncələr mənim bacı-qardaşlarımın
qismətinə düşüb. İndi çox şeyləri xatırlamaq
istəmirlər, qoy unudulsun, yaddan çıxsın. Bu unutqanlıq
kimlərinsə xeyrindədir: ancaq mən unuda bilmirəm!
Avropaya
səpələnmiş minlərlə, on minlərlə yurddaşımın,
Cənubi Azərbaycan qeyrətli oğullarının taleyi
ürəyimə rahatlıq vermir. Mən bilirəm, düşmən
cəbhələri bizim kimi soyuqqanlı deyil, onlar
gecə-gündüz istibdad, irtica maşınını
təkmilləşdirir. Hər şeydən əli
üzüləndə bugünkü ayrılığı elə kökdən
gələn bir ayrılıq kimi yozmağa çalışırlar.
İranda
fars şovinizmi on illərdir Cənubi Azərbaycan xalqının
qulağını doldurur ki, guya onlar farsdan dönüblər, guya
Sovet Azərbaycanı Xalqı ilə onların heç bir tarıxı
birliyi yoxdur. Bu sözün astar üzünü bir dəfə Jdu vestoçki redaktorundan
da eşitmişdim. Əlyazmasını oxuyub qurtarandan sonra,
bu Cənub Məsələsi nə böyük problem olub axı?
dedi. Çox yazırsınız bu mövzuda, yüz altmış il
keçib, bu vaxt ərzində bəlkə cənublular doğrudan
da ayrı, yad millət olub dedi. Mən özümü saxlaya
bilməyib: Sən təsadüfən İranda fars
məktəbi qurtarmamısan ki?deyə soruşdum. Elə bil
onların tərbiyəsini görmüsən...
Lakin
bəla təkcə yerlərimizin əlimizdən alınması
ilə bitsəydi, dərd yarı idi. İyirminci yüzilin sonu yaxınlaşdığı,
sayı cəmi beş-on min nəfərə olan xalqların
da azadlıq, müstəqillik qazandığı bir zamanda, dünyada
Sovet Azərbaycanı kimi böyük nümunə ola-olada Cənubi
Azərbaycan xalqı İranda ən adi insan hüquqlarından
məhrumdur. Azərbaycan min illər boyu ictimai və bədii
fikrin inkişafına görə yaxın Şərqin ən
qabaqcıl ölkəsi olub. Rusiya və Avropa ilə İranın
əlaqələri də, qabaqcıl demokratik və inqilabi
fikrin İranda yayılması da ilk növbədə
azərbaycanlıların adı ilə başlıdır.
Tarixi ədəbiyyata az-çox bələd olan hər kəs bunu
yaxşı bilir...
Fars
şovinizmi bununla barışmaq istəmir. Buna görə də
əsrin əvvəllərindən başlayaraq, xüsusən
də, Şimalda müstəqil Sovet Azərbaycanın taleyini
görəndən sonra qonşuluğundakı sosializmi və SSRİ
kimi qüdrətli dövlətin varlığından doğan
qəzəbi də o taylı azərbaycanlıların
üstünə tökməyə başladı. Millətin varlığını
qorumaq üçün vacib olan nə varsa onların əllərindən alındı.
Azərbaycan dili qadağan edildi, bu dildə qəzet, kitab buraxılmamağı,
məktəbin olmamağı bir yana, danışıq da yasaq
oldu, hətta dustaqxanada iki azərbaycanlının bir-birinlə
ana dilində danışması cinayət sayılır!
Vaxtilə bu dildə çap olunmuş yazılar da yığışdırılıb
yandırıldı. Dünyanın zəngin və gözəl
dillərindən biri, Füzulinin və Sabirin dili ləhcə
adlandırıldı. Radiodakı beş-on dəqiqəlik verilişlər
də elə farslaşdırıldı ki, heç kim başa düşməsin.
Bir
cənublu dostumun xatirəsindən: Oxuduğumuz
məktəbin divarları şüarla dolu idi. Hamısında da
bir cümlə təkrar olunmuşdu. Fars dili İran və iranlılıq
nişanəsidir! Kim məktəbdə öz yoldaşlarıyla
azəri türkcə ilə danışsa, dediyi hər
kəlmə sözə görə bir qran cərimə olunurdu. Bu
bizim təhsil üçün verəcəyimiz pulun yarısı
qədər idi.
Azərbaycan
əyalətlərinin inkişafına hər vasitə ilə
əngəl törədilir. Onun yeraltı və yerüstü
sərvətləri quldurcasına talan edilir. İşsiz,
evsiz-eşiksiz qalan azərbaycanlılar ölkənin cənub
rayonlarına köçürülür və çox vaxt da orda şəraitsizlik
üzündən kütləvi şəkildə qırılırlar.
Azərbaycanın sərvəti başqa əyalətlərin
banklarına axır. Ziyalı və əli iş tutanlar baş
götürüb gedir, kəndlər xarabazara çevrilir...
Faciələr
sayılmaqla qurtaran deyil...
İranda
fars əməkçiləri də zülm altındadır. Lakin
azərbaycanlılara edilən zülm həmişə iki
dəfə artıq olub. Üstəlik milli zülm, mənəvi zülm,
xalq ruhunun təhqiri də bir yandan...
Cənubi
Azərbaycan İranın inqilab beşiyi və onun mübarizə
səngəridir! Təkcə 19781979-cu il
hadisələrində on minlərlə azərbaycanlı
qurban getmişdi. İranın bu sonuncu inqilabı da inqilab şəhəri
Təbrizdən29 Bəhmən üsyanından başlanmışdı.
Həmin üsyanda 3 min adam öldürülmüşdür.
Bir
əsrdə neçə dəfə və nə qədər qurban
vermək olar?
Budur,
Cənubi Azərbaycanın inqilab tarixindən bir neçə
yarpaq: Birinci rus inqilabinin gur dalğası İrandan ildırım
sürəti ilə ötmüşdü. İnqilab... İranı bürümüşdü.
( bax: V. I. Lenin. Əsərlərinin tam külliyyatı, 23-cü cild,
səh. 158).
1906-cı
ilin payızında Azərbaycan milli əncümənləri şurası
yaradıldı. Ana dilində Azərbaycan məcmuəsinin
nəşrinə başlandı. İnqilab hərəkat
Azərbaycanın bütün mahallarına yayıldı. 1907-ci ilin
fevralında Tehrana gələn Azərbaycan heyəti öz
iradəsini saraya qəbul etdirdi! Azərbaycan Tehrandan
konstitusiyalı hakimiyyət tələb edirdi. Həmişə
olduğu kimi yenə də şah xəyanətə əl atdı.
May ayının əvvəllərində sosial-demokrat
hərəkatının liderlərini öldürmək üçün Təbrizə
bir dəstə qəsdçi
göndərdi. İnqilabçılar tez duyuq düşdülər və bu
qəsdin üstü açıldı. Hakimiyyəti ələ aldılar.
Təbrizin üstündə al bayraq dalğalandı. Lakin şah
1908-ci ilin aprel-may aylarında polkovnik Lyaxovun rəhbərlik
etdiyi silahlı qüvvələrin gücünə Azərbaycan
əncümənini daşıtdı. Təbrizdə inqilabçılar
bir balaca dalanaməhəlləyə sıxışdırıldılar.
Belə bir gərgin, çıxılmaz vaxtda xalq qəhrəmanı
Səttarxanın şəxsi rəşadəti bu bir
zərrə alovu təzədən tonqala çevirdi. Əksinqilab
heç yolla onlara bata bilmədi. Bunu görən xalq təzədən
ayağa qalxdı. İnqilab dalğası Təbrizdən aşıb
bütün Azərbaycanı və İranın ayrı-ayrı
vilayətlərini bürüdü. Həmin hadisənin şahidi olmuş
Xiyabanı yazırdı: yaxşı yadımdadır, canını
azadlıq yolunda qurban vermiş əziz qəhrəmanımız,
sərdarı-milli Səttarxan bir dəfə düşmənlərin
hücuma keçdikləri zaman təkbaşına, qorxu bilmədən
meydana atıldı, qanı qaynadı; tüfəngini götürüb yola
düşdü. Əvvəlcə beş-altı nəfər, sonra isə xalq kütləsi onun
səsinə səs verdi. Sərdar ölümlə qarşılaşdı,
qorxmadı, ölmədi və müvəffəqiyyət qazandı...
Azərbaycanın bu qeyrətli oğlu, canı ilə
bərabər var-yoxunu da xalq yolunda sərf etdi və şərafət
qazandı.
Əslində
həmin günlərdə, 1909-cu ilin iyununda İran
monarxiyası öz taxtından endirilmişdi.
Məhəmmədəli şah xaricə qaçmışdı,
vəliəhd Əhmədin isə adı şah idi. Belə
bir mürəkkəb tarixi şəraitdə
Azərbaycan inqilabı, daha doğrusu, Təbriz üsyanı xalqın
əsrlər boyu gözlədiyi günə, demokratik idarə
etməyə, milli müstəqilliyə çox yaxın idi. Çörək
dalınca Rusiyanın müxtəlif guşələrinə
səpələnmiş yarım milyondan çox Cənubi
azərbaycanlı hər gün həsrətlə
vətəndən soraq gözləyirdi. Onların siyasi təşkilatları
bolşeviklərin, xüsusən də N. Nərimanov və onun
silahdaşlarının yaxından köməyi ilə
Təbrizə silah və peşəkar əsgərlər göndərirdilər.
Əzizbəyov, Caparidze və Mehmandarovun başçılğı
ilə Bakıda ölmüş müsəlmanların guya
vəsiyyətinə görə Kərbəlada basdırmaq üçün
göndərildiyini bəhanə edərək tabutlarda
Təbrizə silah çatdırırdılar. Qafqaz xalqlarının
min illərin sınağına dözmüş dostluğu həmin
günlərdə daha bir imtahandan üzü ağ çıxırdı.
Təbriz inqilabına kömək məqsədilə Cənuba
gedənlər arasında neçə-neçə gürcü, erməni və
eləcə də rus var idi. Onlardan bəziləri Təbriz
səngərlərində həlak oldular və öz qanları
ilə qardaşlıq salnaməmizə parlaq
səhifələr yazdılar.
Bir
gürcü inqilabçısının öz həlak olmuş
həmvətəninin tabutu başında dediyi sözlər qardaş
xalqların qəhrəman övladlarının əhvalı yaxşı
ifadə edirdi: Buraya gəlməkdə məqsədimiz
məşrutəçilərə kömək etməkdir. Son
nəfəsimizədək sizə yardımdan əl
çəkməyəcəyik.
Dünyanın
bütün azadlıqsevər, demokrat fikirli adamları Cənubi
Azərbaycan hadisələrini rəğbətlə
izləyirdi.
Böyük
azadlıq carçısı Mirzə Cəlil həmin
günlərdə üzünü Azərbaycanın bütün
vətənsevərlərinə tutub yazırdı: Bu
günlərdə İranda istibdad ilə ədalət bərk
çarpışır. Yenə bir millətin dini, namusu, hüququ,
vətəni təhlükədədir...
...Bu
gün Kərbəla meydanı Azərbaycandakı
vətənpərvərlik meydanıdır. Hər kimin
ürəyində bir cüzi din, namus, vətən hissi varsa, onların
qeydinə qalmalıdır. Axıtmalı qanlarımız,
ehsan etməli pullarımız varsa, gözümüz qabağında
ürək parçalayan Azərbaycan Matəmgahı durur.
Tam
qələbənin bu qədər yaxın olduğu
günlərdə İran irticası gizli danışıqlar aparırdı.
Çar və ingilis hökuməti də onlarla həmfikir idi. Bu
qəribə oyun tarix boyu nə qədər təkrar olunub?
Elə ki Azərbaycan baş qaldırır, öz haqqını
tələb edir, o dəqiqə bir-biriylə düşmən olan
əks cəbhələr də ona qarşı birləşirlər.
Görəsən, biz bunlara neynəmişik?! İndi
səksən ilin bu üzündən həmin illərin arxiv
sənədlərini vərəqləyəndə, İran, Çar-Rusiyası
və İngiltərə hökumətləri arasındakı
gizli məktublaşmaları, teleqramları gözdən
keçirəndə dörd tərəfdən xəyanət, yalan,
zorakılıq məngənəsinə alınmış
Azərbaycan inqilabçılarının əzmi və planlaşdırılmış
faciəsi daha aydın görünür. Həmin siyasət
səhnəsinin rejissor və dirijorlarının üzünə
tüpürmək istəyirsən... Amma bununla ürək soyumaz!
Tarixin
milyon-milyon məzhəkələrindən biri təkrar
olunurdu. Rusiyanın qabaqcıl oğulları Təbriz
səngərlərində Cənubi Azərbaycan inqilabçılarına
kömək etdikləri halda çar ordusu Arazı keçib inqilabı boğmağa
tələsirdi. Lakin Təbriz Şimala münasibətdə
həmişə həssas olub. Və təsadüfi deyil ki,
neçə-neçə əks inqilabi İran ordusunun burnunu
əzən mücahidlər çar qoşunları ilə toqquşmağa
və qan tökülməsinə razı olmadılar. Səttarxanın
və İnqilab Şurasının qərarı ilə 1909-cu
il aprelin 29-da döyüş dayandırıldı. Çar ordusu guya İranda
yaşayan xarici təbəqələrin mənafeyini qorumaq bəhanəsiylə
inqilabçıları tərk-silaha başladı. Aşura günü azərbaycanlı
mücahidləri dardan asıldı. Qafqazdan köməyə
gələnlər ölkədən çıxarıldı. Cənubi
Azərbaycan xalqı bu qanın, qırğının
içində də ümid və inamla dolu olan xeyirxahlıq ənənəsini
unutmadı. Öz səngər qardaşlarınırus, gürcü,
erməni, dağıstanlı inqilabçıları ehtiramla yola
saldı.
V.
I. Lenin İran hadisələri ilə bağlı Çarın
müstəmləkəçilik və zorakılıq siyasətini azğınlıq
adlandıraraq qəzəblə damğalanırdı. ...
Qeyri-rəsmi Lyaxovdan sonra Azərbaycan rəsmi işğal
edilir ( bax:
əsərlərinin tam külliyyatı. 17.ci cild, səh. 188).
Lakin
Təbrizdə gedən qızğın mübarizə, demək
olar, artıq tamamilə darmadağın edilmiş görünən
inqilabçıların dəfələrlə hərbi
müvəffəqiyyət qazanması göstərir ki, hətta rus
Lyaxovların və ingilis diplomatlarının kömək
göstərdiyi şah başıpozuqları aşağıdan
ən güclü müqavimətə rast gəlirlər (Yenə orada,
səh. 191).
Xalq
rus əlcəyi geymiş ingilis pəncəsini də,
ingilis çəkməsi geymiş rus ayağını da yaxşı
görür, lakin bilirdi ki, bu, rus xalqının iradəsindən asılı
deyil. Belə bir vaxtda İranın tərəqqipərvər
ziyalıları rus xalqı ilə əlaqələri genişləndirməyə
çaşırırdı: Biz əminik ki, Rusiya hökumətinin
indiki siyasəti ölkənin ictimai rəyini əks etdirməyib,
rus cəmiyyətinin elə bir kiçicik hakim dairəsinin
mənafeyini müdafiə edir ki, bunların hakimiyyəti altında
Rusiyanın namuslu adamlarının böyük əksəriyyəti
inildəyir... Biz əsla tərəddüd etmədən
və açıq deyə bilərik ki, heç bir vaxt Rusiya və rus
xalqına qarşı olmamışıq. ( Sitat Cənubi Azərbaycan
tarixinin oçerki kitabından götürülmüşdür. səh. 310)
1917-ci
ildə müstəqil Azərbaycan demokrat partiyasının ilk
konfransı da rus xalqı ilə əlaqələri
möhkəmlətmək haqqında xüsusi qətnamə qəbul
etmişdi.
Xalq qəhrəmanının
taleyi. Təbrizin 25 minlik fədai ordusunun, onun hər bir
döyüşçüsünün sonrakı taleyi yazılsa cildlərlə kitab
yaranar və bu cildlərin hər birinin
səhifələrindən gecə-gündüz qan damar..
Budur
sərdarı-milli
Səttarxan! Həmin günlərdə onun keçirdiyi
hissələri necə təsəvvür gətirmək olar?
Ömrünün iyirmi beş ilini döyüşlərdə keçirmiş bir adam
silahı yerə qoymalı idi. Ötüb keçən günlərini, azadlıqsevər
atasının qəzəb dolu, lakin təmkinli sözlərini xatırlayırdı.
Şimali Azərbaycandan gəlmiş məşhur Qaçaq
Fərhadı gizlətdiyinə görə Təbrizdə İran
hakimiyyəti tərəfindən öldürülmüş Qardaşı İsmayılın
mərd, gözəl siması gözü önündən çəkilmirdi. Bütün ömrü
boyu onun intiqamını ala-ala, bir də görmüşdü ki, elə
əslində yurdununAzərbaycanın intiqamını alır.
Dünya mətbuatı onu Azərbaycanın Puqaçovu, İranın
Hannibalı adlandırırdı... Hər qələbəsi
şərəfinə Parisdən, İstanbuldan, Tiflisdən,
Bakıdan təbrik məktubları gəlirdi...
Fars
şovinistləri və İranın irtica hakimiyyət orqanları
açıq-aşkar etiraf edirdilər ki, nə qədər ki,
Səttarxanın ayağı Azərbaycan torpağındadır,
ona ölüm yoxdur. Buna görə də öncə onu öz yurdundan qoparıb
gücsüzləşdirməyə çalışırdılar.
1910-cu
ilin martında, Novruz bayramı ərəfəsində,
nəhayət, neçə-neçə teleqramdan, arası
kəsilməyən dəvət, vəd və
dilətutmalardan sonra Səttarxan, yaxın silahdaşı saları-milli
Baqırxanla birlikdə Tehrana yola düşdü. Onları
təxminən bir ay sonra Tehranda qarşılanması bu şəhərin
tarixində görünməmiş bayram idi. Yollar boyu Səttarxanın
ayağına xalça döşənmişdi, başına çiçək
səpilirdi. Məclis onun adına qiymətli
hədiyyələr hazırlamışdı.
Lakin
İran hakimiyyəti bu dəfə də xəyanət etdi:
Səttarxanı və Baqırxanı aldatdı. Tehranda
Atabəy parkında onlara basqın edildi. Üç yüz nəfərin
üstünə altı min nəfərlik silahlı dəstə
göndərildi. Bu vuruşmada Səttarxanın on səkkiz silahdaşı
həlak oldu, Səttarxan yaralandı,
üç fədai həbsə alındı. Yaralı Səttarxan
xəstəxanaya aparıldı və burada dərmanla
öldürüldü... Az sonra Baqırxan da xəlvəti aradan götürüldü.
1911-ci
ilin sonlarında doğru inqilabçılar müxtəlif yollarla
məhv edilmiş, ya da ölkədən didərgin düşmüşdülər.
Saysız-hesabsız qurban verilmiş inqilab alovu xəyanət
və beynəlxalq irticanın müştərək gücü ilə
söndürülmüşdü.
On
minlərlə azərbaycanlı irtica
məngənəsindən qaçıb dünyaya səpələndi.
Təkcə onu deyək ki, 1913-cü ildə Bakı proletarianın
30,4 faizi, yəni üçdən biri Cənubi Azərbaycandan gəlmiş
mühacirlər idi. Mühacirlərin inqilabi dəstələri
və onların lideri Əsədulla Qafarzadə və
Bəhram Ağayev 1917-ci ildə Ədalət təşkilatını
yaratdılar, xüsusi qəzeti nəşri başlandı.
Çar
zabitlərinin Təbrizdə qurduqları ( nə haqla?!) oyuncaq
hərbi məhkəmədə Azərbaycanın
yüzlərlə inqilabçı oğlu edam edildi.
Cənubi
Azərbaycan sosial-demokratlarının rəhbəri Əli
Müsyönün, Səttarxanın, Baqırxanın və başqa
inqilab rəhbərlərinin evləri, Azərbaycan
əyalət əncüməninin binası çar məmurları
tərəfindən partladıldı. Ölkəni yenidən
qaranlıq bürüdü...
19051911-ci
illər inqilabının iştirakçısı olmuş Şeyx
Məhəmməd Xiyabanı sonralar yazmışdı: Ümumi qırğınlar,
qarətlər, ədalətsizliklər, zülmkarlıqlar
Azərbaycanın istiqlaliyyət və azadlıq tələb
edən hərəkatını məhv edə bilmədi...
Ey
Azərbaycan, ey demokratik Azərbaycan! Başını qaldır!
Dünyanın ən günahkar asiləri hamısı xilas oldu.
Sən isə hələ giriftarsan. Əgər xəmirmayandakı
həyat gövhəri və fəaliyyət atəşi
tamamilə sönmüş və məhv olmuşsa, hərgah
əvvəlki varlıq deyilsənsə, sənə
rəhmət oxunmalıdır. Lakin əgər parlaq
gövhərin işarələri, o həmiyyət atəşinin
hərarəti sənin damarlarında hələ də varsa,
sənin qarşında bir xoşbəxt səhər durur. Qoy
kamiyab sabaha və mərama nail olmaq səhəri sənə mübarək
olsun, ey demokrat Azərbaycan!
...Sən
təcəddüd və təkamülün geniş meydanının yalqız
yolçususan, təcrübə keçmisən, imtahandan çıxmısan
və budur qarşında yeni bir dövr açılır...
Ey
əziz Azərbaycan, sən bir iti görən gözsən ki, İran
səninlə... mədəniyyətə baxır. Sən bir
həssas və mütəəssir olan ürəksən ki, bu
vətən dünya işiğını səninlə hiss edir.
Ey
ölməz Azərbaycan, bu ümidləri doğrult, başını
yuxarı tut, yaşa, həmişəlik yaşa.
Bu
sözlərin müəllifinə tale
çox mürəkkəb və öz xalqının taleyinə
bənzər dolaşıq, faciəli bir ömür yolu qismət
edibmiş.
Böyük
ürək sahibi və dönməz qəhrəman. 19171920-ci
illər arasında Cənubi Azərbaycanda növbəti inqilabi
hərəkatın başında dayanan bu böyük insanın
həyatı müqayisəsiz, bənzəri az olan bir
qəhrəmanlıq, zehni
və fiziki döyüş, mübarizə yolu idi.
Şeyx
Məhəmməd Xiyabanının inqilabi dünya görüşünü onun
Qafqazda (bir müddət Mahac-Qalada ticarətlə məşğul
olan atasının yanında yaşamışdı) olduğu
illər formalaşdırmışdı. O, doğma Bakıda
baş verən hadisələri izləyirdi; yaxşı
bildiyi rus dili vasitəsilə qabaqcıl inqilabi fikrə
yiyələnmişdi.
Xiyabanını
tanıyanlar bu son dərəcə böyük zəka sahibinin
xarakterindəki qeyri-adi bütövlüyə, onun yüksək kamalına,
sədaqət, təvazökarlıq, mənəvi ləyaqət
və təmizliyinə, nəciblik və cəfakeşlik kimi
ali insani gözəlliyinə valeh olurdular. Xalq arasında ona peyğəmbər
kimi baxırdılar.
Rusiyada
1917-ci il fevral hadisələrindən az sonra Xiyabanı və
onun dostları Azərbaycan Demokrat partiyasının konfransını
çağırırlar... 1917-ci il aprelin 9-dan çıxan
Təcəddüd qəzeti Xiyabanının gur səslə
mübarizə tribunasına çevrildi. Qəzetdə dərc edilmiş
istiqlal nəğməsi xalqın dilinə düşüb milli
himnə çevrilmişdi.
Millət
hamı qardaşımız,
Fəthü-zəfər
yoldaşımız.
Torpağımız,
daş-daşımız,
Öz
əlimiz, öz başımız
Yaşasın
hürriyyət!
Xiyabanı
əlaqələri möhkəmlətmək, Rusiyada
vəziyyəti dərindən öyrənmək və
gələcək hərəkatın istiqamətini
müəyyənləşdirmək üçün 1917-ci ilin may ayında
Tiflisə gəlib bolşeviklərlə görüşmüşdü. Onun
fəaliyyəti nəticəsində Təbrizdə rus
əsgərlərinə hər yerdə doğma qardaş
ehtiramı göstərilir, ziyafətlər verilirdi. Əsgər
komitələrinin əhaliyə çağırışı
belə idi: Gəlin əl-ələ verək, qardaş
olaq!
İyun
ayında rus əsgərləri ilə Təbriz əhalisi
birgə nümayişə çıxarkən başları üstündə
belə bir şüar dalğalanırdı: yaşasın
Azərbaycan xalqı ilə rus xalqının birliyi!
Millət
başında hər axşam minlərlə adam toplaşıb
Xiyabanının yeni çıxışını gözləyirdi.
Onun nitqləri Azərbaycan xalqının yüksək əxlaq,
mədəniyyət və azadlıq eşqinin, inqilab işinə
sonsuz sədaqətinin ifadəsi idi. Bu inqilab xalqı İran
idarə üsulunu yıxmağa çağırırdı!
Onun
rus əsgərləri ilə yaxınlığını
xaricilərə meyl, xəyanət kimi qələmə
verənlərə Xiyabanı belə cavab verirdi: Bizim düşmənçiliyimiz
nikolayların istibdad və cahangirliyi əleyhinədir. Yoxsa
hər hansı bir millətdən olursa-olsun, bütün dünyanın
demokratlarını biz özümüzə qardaş sayırıq.
Xiyabanının
rəhbərliyi ilə Cənubi Azərbaycan xalqı öz milli
hökumətini elan etdi və böyük inqilabi islahatlara başladı.
Yenə
də İran hökuməti ingilis xəfiyyələri ilə danışıqlar
aparmağa başladı. Xiyabanının aradan götürülməsi
üçün külli miqdarda vəsait ayrıldı.
Xain
qüvvələr min cür alçaqlıqla Xiyabanıyə ləkə yaxmağa
çalışırdılar.
Xiyabanı
nə dövlətin boş vədlərinə inanır, nə
də mətbuat səhifələrində milli hökumətə
yağdırılan böhtanlara məhəl qoyurdu! O,
Azərbaycanı idarə etməyə özümüz də layiq və
qadirik! deyə İran dövlətinin hər cür təklifini
rədd edirdi.
Belə
bir çətin vaxtda Azərbaycana vali təyin olunmuş
Müxbirissəltənə milli hökumətin jandarm rəisi
Mirzə Hüseyn xan Majoru ələ alıb xəyanətə
sövq etdi. Bu həmin Mirzə Hüseyn xandır ki, öz
xəyanətini 1946-cı ildə də davam etdirmiş və
İran qoşununun komandanı kimi Təbrizə gəlmişdi.
Mirzə
Hüseyn milli hökuməti silahlı qüvvəsini bir bəhanə ilə Təbrizdən
çıxartdı, Xiyabanı müdafiəsiz qaldı. 1920-ci il
sentyabrın 14-də kazaklar Həsən Miyanəlinin
evində Məhəmməd Xiyabanını mühasirəyə
aldılar. Şeyx təkbaşına uzun müddət atışdı.
İran kazakları həyətə girib onu
güllələdilər və sonra da qılıncla doğradılar.
İnqilabın
yeni bir alovu belə söndürüldü və Azərbaycan xalqı tarix
boyu yetirdiyi ən parlaq şəxsiyyətlərdən birini
belə itirdi.
Xiyabanı
böyük filosof idi: Cəmiyyətin əhval-ruhiyyəsi
fərdlərin
əhval-ruhiyyəsinin yekunudur.
Xiyabanı azadlıq
pərvanəsi idi: bir xalqın şərafəti üçün
birinci şərt onun müstəqil olmasıdır. Müstəqil
olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın
istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər.
Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik
və şücaətidir.
Xiyabanı öz xalqının
gücünə inanırdı: Xalq müqəddəsatını
özü müəyyən etməlidir... Ləyaqətsizlik,
qabiliyyətsizlik və ciddiyyətsizlik nəticəsində
öz istiqlaliyyətini itirmiş xalqların vay halına!
Xiyabanı ömrün mənasını
yurda xidmətdə görürdü: Qadınlarımız
öz səy və qeyrətlərini, qüvvətlərini elə işlərə
sərf etməlidirlər ki, o iş vətənin və xalqın
xeyrinə olsun.
Xiyabanı xalqı
əqidə bütövlüyünə çaşırırdı:
Təfəkkür və əqidə
məsələlərində intizam olması əsas şərtdir.
İndiyə kimi bizim ölkədə təfəkkür və
əqidələr çox müxtəlif və daşınıq olmuşdur.
Məsələn, birinci Parisdən gəlib, Paris düşüncələrini
burada nəşr etməyə başlayır. O birisi Londondan
gəlib, London adətlərini irəli çəkir. Üçüncüsü
isə Berlindən özü ilə Berlin nəzəriyyəsi
gətirib burda yayır.
...
Bunun nəticəsində yadlaşmış bir kütlə vücuda
gəlir ki, bunları idarə etmək çətin olur.
Xiyabanı yüksək
əxlaqı tərənnüm edirdi: Xalqı həmişə
zillətdə, səfalətdə, fladət və alçaqlıqda
istəyən xalq düşmənləri əllərinə
fürsət və bəhanə düşən kimi xalqın
əxlaqını
zəiflətməyə çalışırlar.
Xiyabanı
həqiqət aşiqi idi: Alimlər demişlər:
Qüvvət haqdan irəli keçə bilər, lakin onu əvəz
edə bilməz .
Xiyabanı
hərəkatı yatırıldıqdan sonra da Cənubi
Azərbaycanda tayı-bərabəri görünməmiş vəhşilik
başlandı.
Həmin
günlərin faciələrini xalq yazıçısı Mirzə İbrahimov
belə təsvir edir: Azərbaycanın yüzlərlə oğulları
güllələndi, dar ağaclarından asıldı,
minlərlə Azərbaycan balaları məhbəslərə
salındı, İranın cənubuna, quru, isti və
cəhənnəmi andıran çöllərə sürgün edildi. Azərbaycan
dilində yazmaq və oxumaq qadağan olundu. Azərbaycanın
böyük və kiçik bütün idarələri fars məmurları
ilə dolduruldu. Rza şah Azərbaycan adını xəritədən
silmək üçün əlindən gələni etdi. Rza şahın
hakimiyyəti illərində Azərbaycan şəhərləri
xarabazara çevrildi. Azərbaycanın gəlirini çəkib apardılar.
Işsizlik, kasıblıq və səfalət hər yanı
bürüdü. Bütün bunlardan əlavə, Azərbaycan xalqına qarşı
etimadsızlıq və təhqiri münasibət daha da
dərinləşdi.
...Azərbaycan
dilində danışanları idarələrdən qovdular. Məhkəmələri
fars dilində apardılar. Ömründə bir kəlmə farsca danışmamış
Azərbaycan kəndliləriylə də sorğu-sualı
farscaya keçirdilər. Azərbaycan dilində ədəbiyyat
oxumaq, şer yazmaq və yaxud mahnıya qulaq asmaq
qəbahət sayıldı.
* * *
Qatar
gedir... Və İrandakı demokratik hərəkatlarda sözün,
bədii ədəbiyyatın necə böyük rol oynadığını
xatırlayıram. İran mətbuatının yazdığına
görə həmin hərəkatlar dövründə Sabirin Hophopnaməsi
İranda bir ordu qədər iş görüb. Bununla başlı
şahın xüsusi bir qara qanunu da olub: kim Hophopnaməni
oxuyur və ya əzbər deyirmişsə, sorğu-sualsız,
on il Qəsri-Qacara göndərilirmiş. Dahi Sabirin bu böyük kitabı
İranda bu gün də qadağandır. Yəni Sabirin böyük poetik
həqiqətini gözünə düz baxmaqdan İranda bu gün də
qorxurlar.
Qatar
gedir... Fikrimdə Cənubi Azərbaycan xalqının iyirminci
yüzildəki faciələr kitabının üçüncü bölməsi açılır.
1945-ci il dekabr ayında qurulmuş Azərbaycan Milli
hökumətinin taleyi də Səttarxanın və xiyabanının
rəhbərlik etdiyi inqilabi hərəkatların taleyinə bənzəyir.
Yəni mübarizə havası öz lideri, rəhbəri və qurbanını
yetirmişdi: Seyid Cəfər Pişəvəri...
Azərbaycan
Demokrat Firqəsinin müraciətnaməsindən: Biz deyirik:
Azərbaycan torpağında beş milyonluq bir xalq yaşayır
ki, onlar özlərinin kəmiyyətlərini təşxis vermişlər.
Özlərinə məxsus dilləri, ayrı bir adət və
rüsumları vardır. Bu xalq deyir ki, biz istəyirik İranın
istiqlaliyyətini və təmamiyyətini hifz etməklə
bərabər, öz daxili işlərimizi idarə etməkdə muxtar
və azad olaq...
Bu
tələblər Səttarxan və Ş. M. Xiyabanı
məramnamələri ilə tam səsləşir; xalqın
bu qədər qurban verməsinin ancaq bir məqsədə
xidmət etdiyini göstərir.
...
Xalq, nəhayət, milli hökumətini yaratmışdı, öz
arzularına yetmişdi. Azərbaycanın hər yerində
məktəblər açılmışdı, az vaxtda dərsliklər
buraxılmışdı, dərslər ana dilində
keçirilirdi, ana dilində qəzet çapı, kitab nəşr
görünməmiş bir vüsət almışdı. Təbriz
filarmoniyası və Təbriz Universitetinin açılması
əsl milli bayramlara çevrilmişdi.
Milli
muxtariyyətin ilk günlərində başlayaraq Azərbaycanda
azlıq təşkil edən millətlərin kürdlərin,
ermənilərin də qarğısına qalırmış,
məktəblərinin açılışına, mətbuatının
yaradılıb inkişaf etdirilməsinə xüsusi diqqət
yetirilmişdi.
Bir
ildə Cənubi Azərbaycan xalqı yüzillik yol keçmiş
və öz milli ideallarına yaxınlaşmışdı.
Sözarası. 1976-cı
ilin dekabr ayında tələbəlik dostum Seyran
Səxavətin Füzulidəki ata yurduna getmişdik. Araz boyunda
televiziya hərdən İranı da göstərdiyini eşitmişdim.
Televiziyanın düyməsini basdıq ki, görək o tayda nə var.
Tehrandan bir rəsmi, keçid
göstərirdilər. Şah tribunada dayanmışdı. Bu
təntənə Cənubi Azərbaycan Demokrat Firqəsinin şahın
dili ilə desək Azərbaycan irticası nın boğulmasının
30 illiyinə həsr edilmişdi. Irticae-Azərbaycan sözü
məni ildırım kimi vurdu. Farsın bayramı Cənubi
Azərbaycan milli matəmi idi! Bir ölkə daxilində hakim
millətlə əzilən xalqın taleyi belə toqquşur...
Şah
kürsüdən baxırdı. Lakin üzündə çox qorxu, təşviş
vardı. Elə bil əllərini qoyduğu Azərbaycan xalçasının
naxışları ona od vuracaqdı. Ölkənin yarıdan
çoxunu təşkil edən qocaman bir xalqın faciəsinə
sevinmək o qədər də asan başa gələn alçaqlıq
deyil. O yaxşı bilirdi ki, sıralardan ötən
əsgərlərin, zabitlərin, generalların çoxu
azərbaycanlıdır. Milləti öz yasında oynadıb-oxutmağın
elə-belə cavabsız ötüb keçməyəcəyini şah
duymalı idi. 1979-cu il inqilabına təkan verən Təbriz
üsyanı da bunu təsdiq etdi.
Irticae-Azərbaycan.
Elə ki Cənubi Azərbaycan xalqı başını heç
olmazsa bir illiyə farsın yorğanından çıxarıb
dünya işığina baxıb, İran şovinistləri buna
irtica damğası yapışdırıblar.
Eşitdiklərimdən: Qonşu
kənddə çox danışan bir kişi var idi. Bir
nəfərlə rayon mərkəzinə gedirmiş. On
kilometrlik yolda cümləsinə nöqtə qoymadan üyüdüb tökür. Yoldaşının
hə, yoxuna da qulaq asmır, nəfəsini kəsir.
Mənzilə az qalmış yolun üstündəki bulaqdan su
içəndə bayaqdan susub qulaq asan yoldaşı onun dodağını
gözündə, bir dizini yerdə görüb nə isə demək
istəyir, lakin çoxdanışan su içə-içə ayağını
əsəbi-əsəbi yellədir ki, dayan, dayan sözüm qurtarmayıb.
...
Azərbaycan öz iradəsində yaşamaq arzusunu dilinə gətirənətək
fars irticası onu hədələyir ki, sən İranın
bütövlüyünü pozmağa çalışırsan. Deməli, mənim
məhvim hesabına kiminsə bütövlüyü qorunmalıdır...
Irticae-Azərbaycan...
Oğru elə qışqırır ki, doğrunun bağrı
yarılsın. Yəni, necəsən qanmayım atan yansın...
yəni: adımı sənə qoyum, səni yana-yana qoyum... Yəni
biz yoxuq, biz heçik, səsimizi çıxaran kimi cəzalandırılacağıq.
Mirzə Cəlil demiş, cınqırımızı çıxaran
kimi, xortdan gəldi deyə bizi hədələyəcəklər...
Özümüzü özümüzə güldürəcək, öz əlimizlə özümüzə
təhqir yazdıracaqlar.
Əslində isə 1946-cı
ildə İran hakimiyyətinin Cənubi Azərbaycan milli
hökuməti qan dənizində boğmasıxəyanət,
irtica, qırğın sözləri ilə ifadə oluna
bilməyən, insanlıqdan çox uzaq olan bir vəhşilik idi.
ABŞ və İngiltərə hakimiyyət orqanları fars
cəlladlarının sağdışı və soldışı
vəzifəsini bu sahədə böyük təcrübəsi olan bir
beynəlxalq jandarm səriştəsi ilə yerinə
yetirirdi.
ABŞ
imperializminin irticaçı sifəti Azərbaycan hadisələrində
maskasız və bütün gerçəkliyi ilə göründü. Sonralar bu
irtica Viyetnamda, Kubada, Liviyada çox faciələr törətdi və
dünya ictimaiyyəti tərəfindən dönə-dönə ifşa
olundu. Lakin Azərbaycan bu irticanın ilk sınaq meydanlarından
biri idi.
Məhz onların fitvası ilə 1946-cı ildə BMT-də İran hökumətinin haqsız şikayəti müzakirə edirilmişdi. Millətlər təşkilatı da bir millətin faciəsinə göz yumub Amerika zurnaçılarının çaldığıyla oynayırdı. Beləliklə, Azərbaycana tə